"Ruhlarla söhbət" poeması özbək dilində nəşr edilib

25.05.2021

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslanın "Ruhlarla söhbət" poeması özbək dilində nəşr edilib.
Müəllif poemada ümumtürk təfəkkür tərzinin tarixi-genetik mənzərəsini yaratmağa çalışıb. Əsərdə böyük türk dövlətləri zamanındakı çəkişmələr, xanlıqlara bölünmələr, onların rus işğalı altına düşməsi, sovet dönəmində türk xalqlarının amansız repressiyaya məruz qalması və sair əks olunub.
"Ruhlarla söhbət" poemasını özbək dilinə şair-tərcüməçi Gülzira Şəripova çevirib. Kitab Bişkekdəki “Uluu Toolor” nəşriyyatında 500 nüxsə ilə çap olunub. Anadolu və özbək türkcələrində nəşr edilən kitablar Bişkekdəki "İssık Kul Türkün İnci Dünyası" mahnı festivalı çərçivəsində oxuculara ödənişsiz olaraq təqdim ediləcək. Bu, Fondun nəşr etdirdiyi 119-cu kitabdır.
Qeyd edək ki, bir müddət əvvəl Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə "Ruhlarla söhbət" poeması Anadolu türkcəsində də çap edilib. Kitabı türk dilinə tanınmış şair Yusif Aslan tərcümə edib.
“Ruhlarla söhbət” poemasının türk və özbək dillərində elektron versiyası ilə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://turktoday.info/biblioteka-turciya.html
http://turktoday.info/biblioteka.html