Qırğızıstan azərbaycanlıları və icmaları "YAŞAT" xeyriyyə marafonuna qoşulublar

25.05.2021

Bişkekdə fəaliyyət göstərən "Azəri" İctimai Birliyinin təşəbbüsü ilə Qırğızıstan azərbaycanlıları "YAŞAT" xeyriyyə marafonuna dəstək göstəriblər.
Marafon çərçivəsində baş tutan tədbir Qırğızıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, Azərbaycanın və digər türk respublikalarının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin ehtiramla yad edilməsilə başlayıb.
Tədbiri giriş sözü ilə açan "Azəri" İctimai Birliyinin prezidenti, Qırğızıstanın əməkdar hüquqşünası Əzizağa Əliyev bildirib ki, Qırğızıstandakı soydaşlarımız "Yaşat" xeyriyyə marafonuna qoşulmaqla şəhid və qazi ailələrinə dəstək işinə öz töhfələrini vermək istəyirlər. Bildirib ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən bərpası, quruculuq işlərinin aparılması, abadlaşdırılması üçün kifayət qədər vəsait ayırıb. Amma buna baxmayaraq soydaşlarımızın da bu xeyirxah əməldə payının olması çox mühümdür, çünki bu marafon eyni zamanda birliyimizin rəmzidir.
Qırğızıstan Xalqları Assambleyasında təmsil olunan Ahıska türkləri, uyğur, əfqan, tacik mədəni birliklərinin rəhbərləri də azərbaycanlı qardaşlarının sevincinə şərik olaraq tarixi qələbə münasibətilə soydaşlarımızı təbrik ediblər və öz icmaları adından "YAŞAT" xeyriyyə marafonuna ianə ediblər.