Niderlanddakı diaspor təşkilatı xeyriyyə kampaniyasına başlayıb

24.05.2021

Niderland Krallığının Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan-Hollanda Türk Kültür Dərnəyi mayın 20-dən etibarən yeni xeyriyyə kampaniyasına başlayıb.
Dərnəyin sədri İlhan Aşkın bildirib ki, 90-a yaxın müharibə qazisini elektrik əlil arabası ilə təmin etmək məqsədi daşıyan kampaniya 2021-ci il oktyabrın sonuna qədər davam edəcək. "Ötən ilin payızında baş verən 44 günlük Vətən müharibəsi bizə uzun illər gözlədiyimiz qələbə sevincini yaşatdı. Şəhidlərimizin və qazilərimizin ailələrinə, övladlarına qayğı göstərmək, hər zaman onların yanında olmaq hər bir vətəndaşımızın borcudur. Unutmayaq ki, o şanlı qələbəni Azərbaycanın tarixinə qızıl hərflərlə yazan, üçrəngli bayrağımızı Qarabağın hər yerində dalğalandıran, məhz həmin yardım edəcəyimiz insanlardır. Xaricdə yaşayan bütün soydaşlarımızı bu kampaniyada iştirak etməyə və bu müqəddəs işə imkanları daxilində yardımçı olmağa çağırırıq", - deyə İ.Aşkın vurğulayıb.