Sürixdəki "Buta" rəqs qrupu beynəlxalq müsabiqədə I yerə layiq görülüb
İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin nəzdindəki "Buta" rəqs qrupu "Azərbaycan Vətənimdir" adlı onlayn beynəlxalq rəqs müsabiqəsində I yerə layiq görülüb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə respublika və xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı uşaqların rəqs kollektivləri qatılıblar. "Buta"nın rəqqaslarının ifasında müasir musiqi ritmlərinin müşayiətilə "Yallı" milli rəqsi təqdim edilib. Onlar bu rəqsi Azərbaycanın tarixi qələbəsinə həsr ediblər.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Buta" rəqs qrupu 2021-ci ilin fevralından Sürix şəhərində fəaliyyətə başlayıb. Başlıca məqsədi milli rəqslərimizin təbliği və xalqımızın mədəni irsinin tanıdılmasıdır.