Oslo şəhərindəki sərgi yerli ictimaiyyətdə böyük maraq doğurub

24.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Norveçdə fəaliyyət göstərən "CAN" təşkilatının təşəbbüsü ilə Oslo şəhərində təşkil edilən "Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et" adlı sərgi yerli ictimaiyyətin böyük marağına səbəb olub.
Paytaxtın "Aker Bryugge" bulvarında nümayiş etdirilən sərgini Oslo şəhər bələdiyyəsinin sədri Marianne Borgen, Türkiyənin Norveçdəki səfirliyinin konsulluq şöbəsinin müdiri Aytaç Özkütük, Pakistanın Norveçdəki səfiri Zaheer Xan, Tur Heyerdal institutunun baş müşaviri Beate Björge, yerli siyasətçilər Fatima Ali Madar, Aamir J. Şəyx və Arina Şəyx, yazar Ragnhild Tori, "Reaching Out" təşkilatın sədri Neha İkram ziyarət ediblər.
"CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpuru möhtəşəm sərginin keçirilməsi münasibətilə təbrik edən Marianne Borgen bu cür tədbirlərin iki ölkə arasında əlaqələrin inkişafında böyük rol oynadığını vurğulayıb: "Bu cür təşəbbüslər, xüsusilə, bu günlərdə daha çox əhəmiyyət daşıyır. Sərgi həqiqətən çox qiymətlidir və Norveçdəki rəngarəngliyə həsr olunmuş vacib addımdır. Bizləri birləşdirir. Çox şadam ki, Oslonun mərkəzində təşkil edilən bu sərgi çox vacib mesajlar daşımaqla yanaşı, Tur Heyerdalın izi ilə Azərbaycana səfər etməyə imkan verəcək. Layihə həm də mədəniyyətlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan verəcək".
Türkiyəli diplomat Aytaç Özkütük isə qonaqların diqqətini Azərbaycanın ötən il işğaldan azad edilmiş Qarabağ bölgəsində turizm potensialına cəlb edib. Bildirib ki, artıq Qarabağın mirvarisi sayılan Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və burada multikultural rəngarəngliyini göstərən "Xarıbülbül" musiqi festivalı keçirilib.
Qeyd edək ki, M.Borgenin arzusu ilə sərgi Tur Heyerdalın Larvikdəki ev muzeyində də nümayiş etdiriləcək. Azərbaycan–Norveç əlaqələrinə, görkəmli dövlət xadimi Heydər Əliyevlə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dostluq münasibətlərinə həsr edilmiş sərgi 17 may 2021-ci il tarixindən fəaliyyətə başlayıb, 3 həftə davam edəcəkdir.