Sürix şəhərindəki "Buta" rəqs dərnəyinin fəaliyyəti genişlənir

22.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsveçrənin Sürix şəhərində "Azərbaycanın Dostları" Birliyinin nəzdində yaradılan "Buta" rəqs dərnəyinin fəaliyyəti genişlənməkdədir.
"Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva Bodmer bildirib ki, öncədən də anons edildiyi kimi, hazırda dərnəkdə böyüklər üçün də qrup yaradılıb. 18 nəfər soydaşımızın daxil olduğu qrupun rəqs dərsləri aprelin sonundan başlayıb.
Qeyd edək ki, "Buta" qrupu milli rəqslərimizin təbliği, xalqımızın mədəni irsini tanıtmaq və sevdirmək məqsədilə fəaliyyətə başlayıb.
Həftəsonu keçirilən dərslər zamanı 5-16 yaşarası azərbaycanlı uşaqlara tariximizi və milli adət-ənənələrimizi əks etdirən rəqslər, bu sənətin özəllikləri tədris olunur. İndiyədək dərnəyin şagirdlərinin ifasında Xocalı soyqırımının 29-cu ildönümü və Novruz Bayramı ilə əlaqədar xüsusi proqramlar təqdim edilib. Dərnəyin xoreoqrafi Azərbaycan Dövlət Rəqs Ansamblının keçmiş solisti Sonaxanım Əliyevadır.