Xalq rəssamı Tahir Salahov vəfat edib

21.05.2021

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Rusiya rəssamlıq məktəbinə böyük töhfələr vermiş, dünya incəsənətinin parlaq simalarından biri olan Tahir Salahovun vəfatı mədəniyyətimizlə yanaşı, diasporumuz üçün də böyük itkidir. Bənzərsiz yaradıcılığı və ecazkar rəsm əsərləri ilə mədəniyyət xəzinəmizi zənginləşdirən Tahir Salahovun ölkəmizin və mədəniyyətimizin təbliğində, Rusiya ilə mədəni əlaqələrin dərinləşməsində, diaspor quruculuğunda danılmaz xidmətləri vardır.
Rəssamın böyük əksəriyyəti Azərbaycana həsr olunan əsərləri müxtəlif ölkələrinin ən mötəbər sərgi salonlarında nümayiş etdirilərək sənətkara və ölkəmizə şöhrət gətirmişdir. Görkəmli fırça ustasının tabloları bu gün də Azərbaycan və Rusiyanın hüdudlarından kənarda, dünyanın məşhur muzeylərində qorunur.
Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərirdi. Rusiyada, əsasən də paytaxt Moskvada Azərbaycan diasporunun formalaşması prosesində yaxından iştirak edən Tahir Salahov Ümumrusiya Azərbaycan Konqresinin İdarə Heyətində təmsil olunurdu. Yüksək mədəniyyətin, incəsənətin və müdrikliyin təcəssümü olan rəssam bütün Azərbaycan xalqının, eləcə də Rusiya azərbaycanlılarının fəxri idi.
Tahir Salahov “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub, Heydər Əliyev mükafatına, 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Böyük şəxsiyyətin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin, ruhu şad olsun!