Britaniyadakı soydaşlarımız Gürcüstan Prezidentinə və parlamentinə müraciət ediblər

20.05.2021

Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Assosiasiyası (BAA) etnik azərbaycanlılara qarşı Gürcüstanın Dmanisi rayonunda törədilmiş təxribatla bağlı qonşu ölkənin siyasi rəhbərliyinə müraciət edib.
Gürcüstan Prezidenti Salome Zurabişvili və ölkə parlamentinə ünvanlanan müraciətdə bildirilib ki, çoxmillətli dövlətlər olan Azərbaycan və Gürcüstan tarixən mehriban qonşuluq və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşayıb. Nəzərə çatdırılıb ki, SSRİ dağılandan sonra separatçı meyllərdən əziyyət çəkən ölkələrimiz indiyədək təkcə sözdə deyil, əməldə də biri-birini dəfələrlə dəstəkləyiblər. Gürcüstan vətəndaşları olan etnik azərbaycanlılar isə bəzi başqa xalqlardan fərqli olaraq ən çətin anlarda belə gürcü dövlətinin müstəqilliyini və birliyini dəstəkləmək istiqamətində fəaliyyət göstərib.
Qeyd edilib ki, bu baxımdan Dmanisidə baş verən son hadisələr çaşqınlıqla qarşılanıb: "...Gürcüstan vətəndaşlarının müəyyən bir qrupunun yüz illərdir bu torpaqda yaşayan və tam hüquqlu gürcü vətəndaşları olan azərbaycanlılara qarşı davamlı olaraq təzyiqlər etməsi bizim üçün bir şok oldu. Ən təhlükəli fakt odur ki, azərbaycanlılar etnik mənsubiyyətlərinə görə davamlı hücumlara məruz qaldılar, təhqir edildilər və təzyiqlərə məruz qaldılar. Müasir dünyada bu tamamilə qəbuledilməzdir".
Müraciət müəllifləri xüsusilə vurğulayıblar ki, bu cür iyrənc milliyyətçiliyin Gürcüstan hökumətinin düşünülmüş siyasəti və ya Gürcüstan cəmiyyətində qəbul edilmiş ümumi rəy olduğunu düşünmək fikrindən uzaqdırlar: "Bunun belə olmadığını bilirik. Ancaq tarix bizə öyrədir ki, hakimiyyətdə olanlar bu cür hərəkətlərlə mübarizə aparmazlarsa, bu, çox pis nəticələrə səbəb ola bilər".
Britaniya azərbaycanlıları bu cür xoşagəlməz və qeyri-qanuni hərəkətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması məqsədilə Gürcüstan hakimiyyətini dərhal hərəkətə keçməyə, nifrət zəminində cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün qətiyyətli addımlar atmağa çağırıblar. "Biz, Birləşmiş Krallıq vətəndaşları olaraq, Gürcüstanın Avropa Birliyinin bir hissəsi olmaq istəklərini hər zaman dəstəklədik və şübhəsiz ki, cinayətkar düşüncəli bir neçə Gürcüstan vətəndaşının hərəkətlərinin Avropada etnik təmizləməyə cəhd kimi göstərilməyəcəyinə ümid edirik".