Avropadakı Azərbaycan Evləri "YAŞAT" xeyriyyə marafonuna qoşulacaqlarını bəyan ediblər

19.05.2021

Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi "YAŞAT" xeyriyyə marafonunda fəal iştiraka nail olmaq məqsədilə diaspor təşkilatlarının informasiya kampaniyası davam edir.
Avstriyanın Zalsburq və Almaniyanın Münhen şəhərlərində fəaliyyət göstərən Azərbaycan Evləri, Polşadakı Azərbaycan Evi də bu kampaniyaya qoşulan diaspor təşkilatlarındandır. Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Səttar Kərimov, Polşadakı Azərbaycan Eviin rəhbəri Lalə Zeynalova bu ölkələrdə yaşayan həmvətənlərimizə müraciət ediblər.
Bildirilib ki, rəhbərlik etdikləri diaspor təşkilatları böyük məmnuniyyətlə 25 may 2021-ci il saat 21.00-da Azərbaycan Televiziyası vasitəsilə yayımlanacaq "YAŞAT" xeyriyyə marafonuna qoşulacaqlar. Onlar Avstriya və Almaniyada yaşayan bütün soydaşlarımızı bu prosesə biganə qalmamağa, dövlətimizi və xalqımızı yaşatmaq uğrunda göz qırpmadan fədakarlıq göstərən Vətən övladlarının yadigarlarına layiqli və ləyaqətli münasibət göstərməyə çağırıblar: "44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqla canından və qanından keçən şəhid və qazi ailələrini dəstəkləmək hər bir soydaşımızın borçudur. Bu müqəddəs işdə tarixi Vətənimizə və xalqımıza dəstək olmalıyıq", - deyə müraciətdə bildirilib.