Ukrayna Ali Radasına Xocalı soyqırımını müzakirəyə çıxarmaq təşəbbüsü ilə müraciət edilib

19.05.2021

Ukrayna Azərbaycanlıları Radası (UAR) Xocalı soyqırımının müzakirəyə çıxarılması ilə əlaqədar ölkə parlamentinə müraciət edib.
UAR Baş katibi Cəlal Hüseynovun imzası ilə Ukrayna Ali Radasının müvafiq komitəsinə ünvanlanan müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilən soyqırım aktının müzakirəyə çıxarılmasına və bu dəhşətli cinayətə siyasi qiymət verilməsinə çağırış ifadə edilib.
Parlamentin cavab məktubunda bildirilib ki, komitə irqinə, rənginə, dinə, dilinə, milli və ya etnik mənşəyinə görə dözümsüzlük və ayrı-seçkiliyin hər hansı bir təzahürünü kəskin şəkildə qınayır: "Çoxmillətli dövlət olan Ukraynada milliyyətindən asılı olmayaraq hər bir insanın həyatına və ləyaqətinə hörmət ən yüksək dəyərdir. Millətlərarası qarşılıqlı əlaqə və ünsiyyət qurmaq, sülhü təmin etmək və millətlərarası tolerantlıq mühiti yaratmaq, Ukrayna xalqının bütün etnik qruplarının bərabərliyi prinsipini irəli sürmək dövlət orqanlarının əsas vəzifələrindən biridir".
Komitə hesab edir ki, C.Hüseynovun müraciətində qaldırılan məsələlərə baxılması və qərar verilməsi xarici əlaqələr sahəsində dövlət siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanının mövqeyini nəzərə almaqla həyata keçirilməlidir.