Kiyev və Minsk şəhərlərində dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi yad edilib
Dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Kiyev və Minsk şəhərlərində tədbirlər təşkil edilib.
Ukrayna Azərbaycanlıları Radasının üzvləri, Azərbaycanın Ukraynadakı səfirliyinin, SOCAR-ın Ukraynadakı nümayəndəlliyinin əməkdaşları ümummilli liderin Kiyevdəki abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, hüquq elmləri doktoru Arif Quliyev, Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynov və digərləri çıxış ediblər. Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışan natiqlər bildiriblər ki, bu gün Ukraynada yaşayan azərbaycanlılar dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümünü qalib ölkənin övladları kimi qeyd edirlər.
Ölkəmizin Kiyevdəki səfirliyində təşkil edilən tədbirdə isə Ukrayna Ali Radasının deputatları, hər iki ölkənin tanınmış elm xadimləri, Azərbaycan diasporunun liderləri iştirak ediblər. Ukrayna dilinə tərcümə edilmiş "Heydər Əliyev. Şəxsiyyət və Epoxa" roman-araşdırmanın təqdim edildiyi tədbir konsert proqramı ilə yekunlaşıb.
Belarusda fəaliyyət göstərən "Azərbaycan İcmaları Konqresinin" (AİK) təşkilatçılığı ilə Minsk şəhərində keçirilən tədbir isə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan dili və mədəniyyəti mərkəzində baş tutub.
Mərkəzin rəhbəri Şəfiqə Məmmədova, AİK-in gənclər təşkilatının sədri Olesya Kosoykina, sədr müavini Lamiyə Əmiraslanova, gənc fəallar Şanda Ağayeva, Məhəmməd Hacıyev, Valeriya Malinskaya və başqaları çıxış ediblər. Azərbaycan tarixində Heydər Əliyevin özünəməxsus yer tutduğunu vurğulayan natiqlər dahi siyasətçinin ömür yolu və fəaliyyəti, müstəqil Azərbaycan dövlətinın inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərdən, xaricdə yaşayan soydaşlarımızın birliyi və həmrəyliyi üçün atdığı mühüm addımlardan danışıblar.