Nur-Sultan və Bişkek şəhərlərində dahi siyasətçi Heydər Əliyev yad edilib

12.05.2021

Qazaxıstanda və Qırğızıstanda fəaliyyət göstərən "Xəzər" Azərbaycan Etnomədəni Mərkəzin və Qırğızıstan Azərbaycanlılarının "Azəri" İctimai Birliyinin təşkilatçılığı ilə Nur-Sultan və Bişkek şəhərlərində dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Nur-Sultan şəhərindəki tədbirdə mərkəzin idarə heyətinin sədri Vidadi Ağayev və digər üzvləri çıxış ediblər. Azərbaycanın və Türk Dünyasının dahi şəxsiyyətlərindən və görkəmli liderlərindən biri olan Heydər Əliyevin şərəfli ömür yolundan və fəaliyyətindən bəhs edilib, ölkəmizin dövlət müstəqilliyinin dönməzliyinin təmin olunması, inkişafı və beynəlxalq nüfuzunun artırılması naminə həyata keçirdiyi müstəsna xidmətlərə diqqət cəlb edilib. Tədbir azərbaycanlı tarzən Sadiq Namazovun milli musiqi əsərlərini ifa etməsi ilə yekunlaşıb.
Bişkək şəhərində isə Qırğızıstan Xalqları Assamblyesının binasında gerçəkləşdirilən tədbirdə "Azəri" İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev, "Türkel" media qrupunun rəhbəri Hökumə Xəlilova və tatar, tacik, əfqan icmalarının rəhbərləri çıxış ediblər. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin ölkə tarixində yeri, rolu və əvəzsiz xidmətlərindən, onunla bağlı xatirələrdən danışılıb. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın erməni işğalından azad edildiyini xatırladan tədbir iştirakçıları bununla ulu öndərin ruhunun şad olduğunu bildiriblər.