Qazaxıstanda və Qırğızıstanda ümummilli liderin anadan olmasının 98-ci ildönümü qeyd edilib
Qazaxıstanda fəaliyyət göstərən "Ata Yurd–Nomad" Azərbaycan etnomədəni respublika ictimai birliyinin təşkilatçılığı ilə Almatı şəhərində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə "Ata Yurd–Nomad" cəmiyyətinin sədri Süleyman Əhmədov, sədr müavini, "Axıska" qəzetinin və "Türk Birliyi" jurnalının baş redaktoru Rövşən İsmayılov, Dünya Ahıska Türkləri Birliyinin sədr müavini Sadır Eyubov, "Turan" Azərbaycanlılar Konqresinin sədri Müseyib Novruzov çıxış ediblər. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının dünya siyasətinə bəxş etdiyi ən parlaq şəxsiyyətlərdən və ölkəmizin çağdaş tarixini yaradanlardan biridir. Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətləri sadalanıb. Diaspor hərəkatının gücləndirilməsi istiqamətində qəbul etdiyi mühüm qərarlardan, Türk Dünyasına bəxş etdiyi töhfələrdən danışılıb. Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dövlət xadiminin siyasi kursunu uğurla davam etdirdiyi və 30 illik erməni işğalına son qoyan parlaq Zəfərə nail olmaqla, "Qarabağ Azərbaycandır!" sözünü əməldə gerçəkləşdirməklə ulu öndərin müqəddəs vəsiyyətini yerinə yetirdiyi nəzərə çatdırılıb.
Qırğızıstanda da ümumilli liderin doğum günü qeyd edilib. Bu ölkədə fəaliyyət göstərən "Qırğızıstanda Tərəqqipərvər Azərbaycanlılar Birliyi"nin təşkilatçılığı ilə Bişkek şəhərində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbirdə birliyin sədri Xansıvar Baxşəliyev və fəal üzvü İlhamə İmanova çıxış edərək, ümummilli liderin ömür yolundan danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində xaricdə yaşayan azərbycanlılar tarixi vətənlərinin əldə etdiyi nailiyyətlərlə qürur duyurlar. "Düz 28 ildən sonra əzəli torpaqlarımız erməni işğalından azad edildi. Ulu öndərin Azərbaycan tarixindəki rolu bizim nəsillərin yaddaşına əbədi həkk olunub", - deyə X.Baxşəliyev əlavə edib.
Hər iki tədbir ümummilli liderin həyat yoluna həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşıb.