Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycanın Milli Qəhrəmanı, Şuşa uğrunda 8 may 1992-cu il tarixində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Albert Aqarunovun xatirəsini anım mərasimi keçirilib. Milli Qəhrəmanın Şəhidlər Xiyabanındakı məzarının ziyarəti ilə keçirilən mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi də iştirak edib.
Ziyarət zamanı Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məzarın önünə əklil qoyulub, üzərinə güllər düzülüb. Bildirilib ki, 777 nömrəli xüsusi təyinatlı batalyonda tank komandiri olan yəhudi əsilli Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. 8 may 1992-cu il tarixində isə Şuşaya girməyə cəhd edən ilk erməni tankı, məhz Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulub.
Qeyd edilib ki, xalqımız igid övladının xatirəsini həmişə əziz tutur. Ölümündən sonra Albert Aqarunov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi qurulub, təhsil aldığı məktəbin önündə büstü və Bakının Nərimanov rayonunda heykəli qoyulub.