Azərbaycanlı şairin əsəri Anadolu türkcəsində nəşr edilib

06.05.2021

Bişkekdə fəaliyyət göstərən "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu"nun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslanın "Ruhlarla söhbət" poeması Anadolu türkcəsində çap olunub.
Yazılış tərzi və üslubuna görə öz orijinallığı ilə seçilən "Ruhlarla söhbət" poemasını Anadolu türkcəsinə tanınmış şair Yusif Aslan çevirib. Kitab Bişkekdəki "Uluu Toolor" nəşriyyatında 500 nüxsə ilə çap olunub. Bundan başqa, kitabın özbək dilində də nəşr edilməsi gözlənilir. Əsəri özbək dilinə tanınmış şair-tərcüməçi Gülzira Şəripova tərcümə edib.
Anadolu və özbək türkcələrində nəşr edilən kitab Bişkekdə keçirilməsi nəzərdə tutulan "İssık Kul - Türkün İnci Dünyası" adlı festival çərçivəsində oxuculara təqdim olunacaq.
"Türkdilli dövlətlərin siyasətinə dəstək fondu"ndan bildirilib ki: “Ümumtürk təfəkkür tərzinin tarixi-genetik mənzərəsini yaradan əsər 28 fəsildən ibarətdir. Əsər məzmun və forma cəhətdən bitgin və rəngarəngdir. Fəlsəfi-tarixi aspektdə qələmə alınmış "Ruhlarla söhbət" poeması adından da göründüyü kimi tarixi şəxsiyyətlərin ruhlarının söhbəti üzərində qurulub”
Qeyd edək ki, Fond indiyə qədər 118 kitabı tərcümə və nəşr edib.