Belçikadakı soydaşlarımız beynəlxalq təşkilatları Ermənistan hökumətinə təsir etməyə çağırıblar
Belçikada fəaliyyət göstərən Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.
Mərkəzin nümayəndəsi Rəşad İbrahimin imzası ilə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda qeyd edilib ki, işğaldan azad edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların xəritələrinin beynəlxalq konvensiyalara zidd olaraq Azərbaycana təqdim edilməməsi dinc sakin və hərbçilər arasında itkilərin olmasına gətirib çıxarıb. Ermənistan hökümətinin bu qəbuledilməz davranışının həmin ərazilərdə normal həyatın bərpa olunması istiqamətində işlərin aparılmasına və mülki azərbaycanlıların öz doğma evlərinə qayıtmasına böyük əngəl törətdiyi nəzərə çatdırılıb.
Soydaşlarımız mina xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistan hökumətinə təsir göstərməyə çağıraraq, bu istiqamətdə qətiyyətli addımların atılmasının Cənubi Qafqazda sülh və barışın bərqərar olması prosesinə müsbət təsir edəcəyini vurğulayıblar.