Nizami Gəncəvi yaradıcılığında vətənpərvərlik motivlərindən danışılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Nizami Gəncəvi yaradıcılığında vətənpərvərlik motivləri" mövzusunda videokonfrans təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Emin Rüstəmovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan Diaspor Könüllüləri və dünyanın müxtəlif ölkələrindən qatılan Azərbaycan diasporunun Gənclər təşkilatlarının üzvləri, diaspor fəalları iştirak ediblər.
Konfransda Fəlsəfə və Sosiologiya Akademiyasının rəhbəri, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqub, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, yazıçı Fərid Hüseyn çıxış ediblər.
Məruzəçilər Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin "Nizami Gəncəvi ili" elan edilməsinə dair sərəncamını vacib qərar adlandırıblar və bununla dövlət başçımızın bir daha dünyaya Nizami Gəncəvinin Azərbaycan şairi olduğu barədə çox yaxşı ismarıc ünvanladığını vurğulayıblar. Nizami dühasının Azərbaycan və dünya ədəbiyyatında tutduğu yerdən bəhs edilib, əsərlərindəki vətənpətvərlik motivləri iştirakçıların diqqətinə çatdırılıb. Ustadın farsca yazmasına baxmayaraq, əsərlərində türk mənşəli olduğunu dəfələrlə qeyd etdiyi barədə faktları təqdim edən natiqlər şairin ömür boyu doğulduğu Gəncə şəhərini tərk etmədiyini, vətəninə bağlı olduğunu nəzərə çatdırıblar. Çıxışçılar gənclərə Nizami yaradıcılığını mükəmməl səviyyədə öyrənməyi tövsiyə ediblər.
Tədbir Azərbaycan–İtaliya Gənclər Assosiasiyasının italyan dilində Nizami Gəncəvi haqqında hazırladığı videoçarxın nümayişi ilə davam edib. Bu təşəbbüs barədə assosiasiyanın sədri Səbuhi Mürsəlli məlumat verib.
Konfrans gənclərin suallarının cavablandırması ilə yekunlaşıb.