Niderland Krallığındakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

01.05.2021

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi tərəfindən Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz olaraq beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb.
Bəyanatda bildirilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini təxminən 30 ilə yaxın dövrdə işğal altında saxlayan Ermənistan azad olunmuş ərazilərdə qəsdən kütləvi şəkildə minalar yerləşdirib. Müharibə bitsə də, minalar Azərbaycanın mülki vətəndaşları və hərbçiləri arasında çoxsaylı itkilərə səbəb olub.
Beynəlxalq Konvensiyaya əsasən, minaların istehsalının, alınmasının, istifadəsinin, toplanmasının və saxlanmasının qadağan olduğunu xatırladan bəyanat müəllifləri Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışını pisləyiblər. Bu məkrli niyyətin yalnız ərazilərin minalardan təmizlənməsi, yenidənqurma və bərpa işlərinin aparılması, azərbaycanlıların öz doğma torpaqlarına qayıtması prosesinə mane olmağa xidmət etdiyi diqqətə çatdırılıb. "Ermənistan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasını çətinləşdirməyə və təxirə salmağa yönəlmiş bir cinayət törədir".
Soydaşlarımız beynəlxalq ictimaiyyəti bölgədə davamlı sülhün bərqərar olması naminə mina xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıblar.