İsrail hökumətinə Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı müraciət edilib
"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsi ilə əlaqədar İsrailin siyasi rəhbərliyinə və knesset (parlament) üzvlərinə müraciət edib.
"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın imzası ilə İsrail Prezidenti Reyven Rivlinə, Baş Nazir Benyamin Netanyahuya, parlament deputatlarına, şəhərlərin merlərinə və mer müavinlərinə ünvanlanan məktubda bildirilib ki, bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Azərbaycana mina xəritələrini təhvil verməkdən imtina edən Ermənistan bununla minlərlə insanın həyatını təhlükəyə məruz qoyur, milyona yaxın qaçqın və məcburi köçkünlərin əzəli torpaqlarına qayıtmasına əngəl törədir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk edərkən şəhər və kəndləri tamamilə məhv etdiyi, infrastrukturları dağıtdığı, apara bilmədikləri mal-qaranı öldürdükləri, evləri yandırdıqları, meşələrdəki ağacları kəsməklə ekoloji fəlakət törətdikləri, Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə, o cümlədən Gəncəyə raket zərbələri endirildiyi, Gəncədə böyük yəhudi icmasının da yaşadığı yada salınıb.
İsraildəki bir çox şirkətlərin Azərbaycanın azad edilmiş torpaqlarında dağıdılmış şəhərlərinin bərbası, sənayenin yenidən qurulması və kənd təsərrüfatının canlandırılması istiqamətində fəaliyyət göstərmək arzusunda olduqları nəzərə çatdırılıb: "Lakin erməni işğalçıları geri çəkilərkən bütün əraziləri minalayıblar. Ermənilərin minalaşdırdıqları ərazilərdə artıq 20 Azərbaycan vətəndaşı həlak olub, 80 nəfəri ağır yaralanıb. Erməni tərəfinin belə davranışı azad edilmiş ərazilərdə iqtisadi və mədəni inkişafın bərpa edilməsinə mane olur".
Müraciətdə Ermənistanın mina xəritələrini təhvil verməsində Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə, bu vacib problemin həllində qətiyyətli addımlar atılmasına çağırış edilib.