Kanadanın Xarici işlər nazirinə Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı müraciət edilib

29.04.2021

Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistan hökumətinin mina xəritələrini ölkəmizə təhvil verməkdən imtina etməsinə etiraz əlaməti olaraq ölkənin Xarici işlər naziri Mark Qarnoya məktubla müraciət edib.
Mərkəzin rəhbəri Tamella Severcanın imzası ilə kanadalı nazirə ünvanlanan məktubda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kütləvi şəkildə yerləşdirdikləri minalar və digər partlayıcı qurğular ciddi təhlükə mənbəyidir. Çünki rəsmi İrəvanın minalar barədə məlumat verməkdən imtina etməsi Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının bu ərazilərdə həyat və sağlamlıqlarını itirmələrinə səbəb olur, genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə, işğal nəticəsində 30 ilə yaxın dövrdə yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə qayıtmasına böyük əngəl törədir.
Soydaşlarımız mina xəritələrini təqdim etməməklə beynəlxalq humanitar hüquq çərçivəsindəki öhdəliklərini ciddi şəkildə pozan Ermənistanın mövqeyini müharibə cinayəti adlandırıblar. "Minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması öz növbəsində 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulmasıdır. İşarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, Sizi mina xəritələrini təqdim etmədiyinə görə Ermənistanı qınamağa və beynəlxalq hüquq normaları çərçivəsindəki öhdəliklərini yerinə yetirməyə inandırmağa çağırırıq", - deyə məktubda bildirilib.