Haaqa şəhərində Ermənistanın mina xəritələrini təqdim etmədiyinə dair bilbordlar yerləşdirilib
Niderland Krallığında fəaliyyət göstərən Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə Haaqa şəhərində quraşdırılmış bilbordlarda Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etmədiyinə diqqət cəlb olunub.
Bilbordlarda "Ermənistan mina xəritələrini verməməklə müharibə cinayətlərini törətməkdə davam edir", "İnsan ölümlərinə son qoyulsun", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir", "Ermənistan, müharibə cinayətlərini dayandır", "Uşaqlar mina qurbanı olmasın!", "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik" kimi şüarlar, minalanmış ərazilərin və azərbaycanlı minaaxtaranların fotoları əks olunub.
Qeyd edək ki, 24 aprel tarixində müvafiq məzmunlu bilbord Niderlandın Barneveld şəhərində də yerləşdirilib.