Qırğızıstan azərbaycanlıları Ermənistanın yolverilməz davranışının qarşısının alınmasına çağırış edib
Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyinin təşəbbüsilə Ermənistanın minalanmış ərazilərlə bağlı xəritələri Azərbaycana təhvil verməkdən imtinası və ermənilərin uydurma 24 aprel soyqırımı iddiasına etiraz əlaməti olaraq toplantı keçirilib.
Toplantida birliyin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev, Qırğızıstan Ahıskalı Türkləri Cəmiyyətinin sədri Atamşah Dursunov, professor Zakir Qəmərli, "Türkel" media qrupunun rəhbəri Hökümə Xəlilova, Əməkdar həkim Mirkazım Bəşirov və digərləri çıxış ediblər. Bildirilib ki, beynəlxalq humanitar hüquq normalarını və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılığını kobudcasına pozan Ermənistan hökumətinin qəbuledilməz davranışı xaricdə, o cümlədən Qırğızıstanda yaşayan azərbaycanlıları hiddətləndirib. Çünki minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi, minaların təmizlənməsi və ermənilərin xarabazara çevirdiyi ərazilərin bərpası prosesini, bölgədə barış mühitinin bərqərar olmasını ləngidə bilər.
Eyni zamanda, 1965-ci ildən başlayaraq ermənilərin ortaya atdığı 24 aprel 1915-ci il iddiasının yalan və tarixi həqiqətdən uzaq olduğu, dünya ictimaiyyətini Türkiyəyə qarşı yönəltmək kimi məkrli məqsədin güdüldüyü, qardaş ölkəyə qarşı atılan hər bir addımın Azərbaycana qarşı da yönəldiyi nəzərə çatdırılıb. Əksinə dünyanın ermənilər tərəfindən azərbaycanlılara və Türk dünyasına daxil olan digər millətlərə qarşı törədilən soyqırımlara şahid olduğu vurğulanıb.
Tədbir iştirakçıları beynəlxalq təşkilatları erməni yalanlarına uymamağa və Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməsi üçün təcili addımların atılmasına çağırıblar.