Qazaxıstanın Türkistan vilayətindəki diaspor üzvləri Ermənistanın davranışını hiddətlə pisləyiblər
Qazaxıstanın Türkistan vilayətində fəaliyyət göstərən "Qarabağ–Azərbaycan Etnomədəni Birliyi"nin təşəbbüsü ilə Ermənistanın mina xəritələrini təhvil verməkdən imtinasına etiraz əlaməti olaraq tədbir keçirilib.
Türkistan vilayətinin Sayram rayonundakı "Nur Otan" partiyasının iqamətgahında pandemiya qaydalarına uyğun olaraq gerçəkləşdirilən tədbirdə birliyin rəhbəri Ramilə Mustafayeva və digər üzvləri çıxış ediblər. Natiqlər Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında kütləvi şəkildə yerləşdirdikləri minaların xəritələrinin ölkəmizə təhvil verilməsindən imtina edilməsini hiddətlə pisləyiblər. Bununla Ermənistan hökumətinin beynəlxalq humanitar hüquq normalarını və 10 noyabr üçtərəfli sülh razılığının maddələrini kobudcasına pozduğunu diqqətə çatdırıblar.
Tədbir iştirakçıları dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın işğalçı və təcavüzkar siyasəti səbəbindən 30 ilə yaxın məcburi köçkünlük həyatı yaşamağa Azərbaycan vətəndaşlarının öz doğma evlərinə ləyaqətli şəkildə dönməsinin, bölgədə davamlı sülhün və sabitliyin bərqərar olmasının təmin edilməsi naminə qətiyyətli addımlar atmağa və mina xəritələrini təqdim etməsi üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırıblar.