Türkiyədəki azərbaycanlı iş adamları ABŞ prezidentinin mövqeyinə etirazlarını bildiriblər

29.04.2021

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) ABŞ Prezidenti Cozef Baydenin 24 aprel 1915-ci il hadisələrini "soyqırımı" adlandırmasını kəskin şəkildə pisləyib.
TAİB-in yaydığı bəyanatda bildirilib ki, tarixi faktların təhrif olunması qəbuledilməzdir, odur ki, həqiqətə və beynəlxalq hüquqa uyğun olmayan bu mövqeyi hiddətlə qınayırlar: "Türk milləti tarix səhnəsində hər zaman barış tərəfdarı və dözümlü xarakteri ilə tanınıb. Şanla, şərəflə dolu tarixi boyunca əsla insanlığa qarşı belə cinayət işləməyib. Bu, köklü tarixə əsassız iddialarla iftira atmaq olmaz"
Ermənistanın müasir dövrümüzdə Azərbaycan xalqına qarşı 30 ilə yaxın işğalçı və təcavüzkar siyasət yürütdiyinü, Xocalı soyqırımı kimi amansız və dəhşətli kütləvi qətliam törətdiyini xatırladan TAİB bildirib ki, ABŞ administrasiyası soyqırıma məruz qalmış xalqların yarasını sağaltmaq istəyirsə, bütün dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımından, Ermənistanın hərbi cinayətləri ilə zəngin olan ittihamdan danışmalıdır.
TAİB hər zaman olduğu kimi bu mövzuda da Türkiyəni dəstəklədiyini, 1915-ci il olaylarının arxiv sənədlərinə və faktlara əsasən obyektiv araşdırılmasına tərəfdar olduğunu bəyan edib.