Polşada təhsil alan azərbaycanlı tələbə Ermənilərin işğalçılıq siyasəti ilə bağlı təqdimat edib

28.04.2021

Polşanın İqtisadiyyat və İnsan elmləri universitetinin (The University of Economics and Human sciences) magistrantı Zaur Əsədzadə təhsil aldığı Universitetdə Ermənistanın işğalçılıq siyasəti, ermənilərin mülki azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı virtual təqdimat təşkil edib.
Təqdimat zamanı ermənilərin işğal etdiyi Şuşa, Kəlbəcər, Qubadlı, Laçın, Ağdərə və digər ərazilərdə törətdikləri vəhşiliklərə nəzər salınıb, iştirakçılara işğalla bağlı ətraflı məlumat verilib. Azərbaycanlı tələbə Kəlbəcər rayonunun Ağdaban, Başlıbel kəndlərində baş verən faciələr haqqında daha geniş məlumatlar verib və faciələrlə bağlı şəkilləri təqdim edib.
Eyni zamanda, 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə iştirakçılar məlumatlandırılıb. 10 noyabr razılaşmasından sonra uzun müddət keçməsinə baxmayaraq Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etmədiyi, bunun sürətli məskunlaşma işlərinə və regionda sülhə mane olduğu bildirilib.
Təqdimatın sonunda Z.Əsədzadə iştirakçı müəllim və tələbələrin suallarını cavablandırıb.