Azərbaycan əsilli rusiyalı alimlər beynəlxalq foruma qatılıblar
Azərbaycan əsilli rusiyalı alimlər Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən beynəlxalq foruma qatılıblar.
"Məhəmməd Bayram Xan Türkmən və türkmən xalqının humanizm ənənələri, vətənpərvərliyi və cəsarəti" mövzusunda baş tutan beynəlxalq forum Türkmənistanın Xarici İşlər və Təhsil Nazirlikləri, Elmlər Akademiyası tərəfindən təşkil edilib. Türkmənistanın dövlət müstəqilliyinin 30 illiyinə həsr olunan forumda 80 dövlət xadimi, 18 ölkənin tanınmış alimləri, tarixçiləri və politoloqları iştirak edibdir.
Forumda 200 məruzə dinlənilib. Məruzəçilərin arasında Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Azərbaycan diasporunun rəhbəri, V.M.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universitetinin professoru, fəlsəfə üzrə elmlər doktoru Ağababa Dadaşov və Rusiya Elmlər Akademiyasının "Mədəniyyətlərin dialoqu: fəlsəfi-dünyagörüşü problemləri" araşdırma qrupunun rəhbəri Ariz Gözəlov da olub.
Akademik fəaliyyətlə məşğul olan həmvətənlərimizin təqdim etdiyi "Orta əsrlərdə türk etnosunun təşəkkülündə qlobalizasiyanın rolu (oğuzların passionar mədəniyyətinin Şərq sivilizasiyasının inkişafına təsiri)" adlı məqalədə türk oğuzlarının orta əsrlərdə Orta və Yaxın Şərqdə mədəniyyətin və mənəviyyatın inkişafına təsirindən danışılıb. Həmçinin, Foruma Rusiyadan qatılan alimlərimiz Azərbaycan tarixi və mədəniyyətindən, Azərbaycan-Türkmənistan münasibətlərindən də bəhs ediblər.