Minaların Azərbaycana təsirinin humanitar zərərlərindən danışılıb

26.04.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə "Minaların Azərbaycana təsirinin humanitar zərərləri" mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbirdə "Timberwolf Phoenix" media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukerman, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərova, "Mine Mark Fondu"nun həmtəsisçisi Lalə Mustafazadə, travmatoloq İlkanə Qoca, mina partlayışından xəsarət almış qazi Fərahim Əmirli və Azərbaycan–Şimali Amerika Gənclər Birliyinin sədr müavini Namiq Ağayev iştirak ediblər.
Tədbiri açan moderator İrina Tsukerman minaların Azərbaycana təsirinin humanitar zərərlərinə toxunaraq qeyd edib ki, mina partlayışı nəticəsində azərbaycanlı hərbçilərin və mülki əhalinin həlak olması, müxtəlif dərəcəli xəsarətlər alması humanitar faciədir. Minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi bu faciənin davam etməsinə xidmət edir. Dəyirmi masada E.Cəfərova, F.Əmirli, Benjamin Minik, İlkanə Qoca və başqaları çıxış ediblər.
2016-cı il aprel döyüşlərinin iştirakçısı olduğunu qeyd edən F.Əmirli keçən il 28 sentyabr tarixində yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxararkən minaya düşdüyünü, nəticədə sol ayağının amputasiya olunduğunu, sağ ayağında çoxlu qəlpə yarası, sol qolunun II dərəcəli yanıq xəsarəti aldığını və digər fiziki xəsarətlərə məruz qaldığını nəzərə çatdırıb. Müharibə qazisi Ermənistandan mina xəritələrini Azərbaycana təhvil verməyi tələb etdiyini bildirib.
Çıxış edənlər mina təhlükəsi barədə maarifləndirici kampaniyaların aparılmasının vacib olduğunu, bu faciənin təkcə xəsarət alanların deyil, həm də ailə üzvlərinin həyatına da dərin təsir etdiyini bildiriblər. Azərbaycanın xoşməramlı əməkdaşlıq cəhdlərinə baxmayaraq, Ermənistanın mina xəritələrini təqdim etmədiyinə diqqət cəlb edilib. Mina xəritələrinin Azərbaycan tərəfinə verilməməsi insanların qətlinin davam etdirilməsi məqsədi daşıyan erməni qisasçılığı və ciddi hüquq pozuntusu kimi qiymətləndirilib.