Avstriyada uydurma erməni soyqırımı və mina problemləri ilə bağlı onlayn müzakirə aparılıb
Vyanada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə ermənilərin uydurma soyqırımı iddiası və Ermənistanın mina xəritələrinə dair yolverilməz davranışı barədə onlayn müzakirə keçirilib
“Turan zənciri” onlayn proqramının təmsilçiləri Mərvə Mərdan və Duyğu Şənin moderatorluğu ilə aparılan tədbirdə AZER-DER rəhbəri Yardım Güneş və türkiyəli tarixçi, qondarma erməni soyqırımı məsələsi üzrə məşhur araşdırmaçı, professor Yusuf Halaçoğlu iştirak ediblər. Müzakirə zamanı ermənilərin Azərbaycan və Türkiyə əhalisinə, digər müsəlman xalqlarına qarşı törətdiyi soyqırımlara, ölkələrimizə qarşı ərazi iddialarına tarixi aspektdən nəzər salınıb.
Bildirilib ki, ötən il ağır məglubiyyətə uğrayıb, işğal etdikləri ərazilərdən çıxarkən hər yeri viranə qoyan ermənilər, xüsusilə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində amansız vəhşiliklər törədib. Hal-hazırda isə Ermənistan hökuməti Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırılan minaların xəritələrini verməkdən imtina etməklə beynəlxalq humanitar hüququ kobudcasına tapdalayır. Yusuf Halaçoğlu ermənilərin son 30 ildə Qarabağda törətdikləri vəhşəti insanlığa qarşı cinayət adlandırıb.