Erməni yalanları və Zəfər sonrası ortaya çıxan gerçəklər müzakirə edilib

26.04.2021

Qərbi Azərbaycan Cəmiyyətinin Ankara təmsilçiliyinin təşəbbüsü ilə "Erməni yalanları və Zəfər sonrası ortaya çıxan gerçəklər" mövzusunda videokonfrans təşkil edilib.
Konfransda Azərbaycan, Türkiyə və dünyanın müxtəlif ölkələrində yaşayan yazarlar, araşdırmaçılar, alimlər və tələbələr iştirak ediblər. Qərbi Azərbaycan Cəmiyyətinin Ankara təmsilçisi, moderator Dərya Akdəmir əsassız erməni iddialarına qarşı Türk Dünyasının birlik nümayiş etdirməsinin, erməni yalanlarına qarşı milli mücadilə ruhu ilə mübatizə aparılmasının vacibliyini bildirib. Azərbaycan ordusunun ötən il qazandığı Zəfərin dünyanı hadisələrə fərqli gözlə baxmağa məcbur etdiyinə diqqəti şəkib.
Konfransda Qərbi Azərbaycan Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Kahramanmaraş Sütçü İmam Universitetinin kafedra müdiri, professor Toğrul İsmayıl, general Yücel Karauz çıxış ediblər. Bildirilib ki, ermənilər türk yurdlarında heç bir zaman soyqırıma məruz qalmayıblar, əksinə özləri bölgədə soyqırımlar törədiblər. "Nümunə Zəngəzur... Bura Azərbaycanın ən qədim torpaqlarından biridir. Ermənilərin bu torpaqlara yerləşdirilməsinin 100 illik keçmişi var. Sovet dövlətinin ilk illərində bu torpaqlar Azərbaycandan zorla alınaraq ermənilərə verildi. 70 illik sovet dönəmində bu torpaqlar erməniləşdirildi", - deyə Ə.Ələkbərli xatırladıb.
İllər ərzində ermənilərə "Azərbaycan torpaqlarını işğaldan vaz keçin! Fəlakət qapınızda" xəbərdarlığı edildiyini, bundan nəticə çıxarmayan ermənilərin hazırda pis durumda olduqlarını vurğulayan T.İsmayıl qeyd edib ki, 24 aprel günü ermənilərlə bağlı üzüntü bəyanatlarının verilməsi, hətta ən sərt qərarların verilməsi belə beynəlxalq hüquq baxımından Türkiyə və Azərbaycana hər hansı təsir etməyəcək.
"Həmişə söyləyirlər ki, arxivləri açaq, baxaq görək orada nələr yazılır?! Soyqırımın nə olduğunu bilmək istəyirlərsə, o zaman zəhmət çəkib bu coğrafiyada törətdiklərinə baxsınlar", - deyə general Y.Karauz əlavə edib.