Belçika mediasında Ermənistan minalarının Qarabağa qayıdışa əngəl olmasından yazılıb

24.04.2021

Belçika Krallığında yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Belçikanın https://www.hln.be xəbər portalında "Qaçqınlar Dağlıq Qarabağa 2022-ci ildə qayıda bilərlər" sərlövhəli məqalə dərc edilib.
Məqalə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə azərbaycanlı qaçqınların Dağlıq Qarabağa və ona bitişik 7 rayona qayıtmasının nəzərdə tutulması barədə bəyanatı ilə başlayıb. Qeyd edilib ki, azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasını və dağıdılmış infrastrukturun bərpasını əngəlləyən əsas probem Ermənistanın bu bölgəni nəhəng mina çirklənməsinə məruz qoyması və basdırdığı minaların xəritələrini təhvil verməkdən imtina etməsidir.
Bildirilib ki, 2020-ci ilin payızında 6 həftə davam edən müharibə zamanı Azərbaycan təxminən 30 il bundan əvvəl Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad edə bilib. Ermənilərin işğalçı, təcavüzkar siyasəti nəticəsində 750 minə yaxın etnik azərbaycanlının doğma Qarabağdan didərgin düşdüyü, evsiz qaldığı, qaçqın və məcburi köçkün durumuna düşdüyü nəzərə çatdırılıb.
Son müharibə zamanı hər iki tərəfdən 6000-dən çox insan həyatını itirdiyi, amma Azərbaycanın müharibədən sonra da qurbanlar verdiyi, 20-dən çox mülki azərbaycanlının minaya düşərək həlak olduğu, insanların yaralanaraq əlil durumuna düşdüyü vurğulanıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.hln.be/buitenland/vluchtelingen-kunnen-in-2022-terugkeren-naar-nagorno-arabach~a4438c46