“Ağıllı şəhərlər – Azərbaycan” mövzusu müzakirə edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə "Ağıllı şəhərlər - Azərbaycan" mövzusunda virtual dəyirmi masa keçirilib.
Tədbirdə "Timberwolf Phoenix" media şirkətinin vitse-prezidenti İrina Tsukerman, Cenevrə Universitetinin doktorantı Tural Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Amin Məmmədov və ADA Universitetinin dekanı Anar Vəliyev iştirak ediblər. Tədbirin moderatoru İrina Tsukerman işğaldan azad edilmiş Azərbaycan ərazilərində "ağıllı şəhərlər"in inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Tural Əliyev videotəqdimatında Sinqapur və Barselona şəhərlərində tətbiq olunan "ağıllı şəhər" modellərini nümunə gətirib. Qarabağın təmiz hava, su və keyfiyyətli qida istehsalına sahib ənənəvi dağ bölgəsi olduğunu, burada əhali sıxlığının olmamasının tikinti işləri üçün böyük imkanlar açdığını, şəhərlərin "ağıllı" və eyni zamanda davamlı inkişafda olmasında maliyyə səmərəliliyi və idarəetmənin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Amin Məmmədov və Anar Vəliyev Azərbaycan hökumətinin bölgədəki "ağıllı şəhərlər"in inkişafı ilə bağlı prioritetləri, "ağıllı şəhərlər"in tətbiqindən əvvəl infrastruktur ehtiyaclarının öncədən düşünülməsi və proqnozlaşdırılması barədə danışıblar. Qeyd edilib ki, Qarabağın böyük şəhərləri, eyni zamanda Gürcüstanla sərhəd yaxınlığında yerləşən və kənd təsərrüfatının inkişafı üçün imkanlara malik olan Gəncə də "ağıllı şəhər" texnologiyalarının istehsalı üçün mərkəz olaraq qəbul edilib.