Monteneqro və Serbiya mətbuatında "Ermənistan mina yerlərini bölüşməkdən imtina edir" adlı məqalə yayımlanıb

19.04.2021

Azərbaycan-Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin rəhbəri Seyran Mirzəzadənin təşəbbüsü ilə https://crnogorskiportal.me və Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə https://www.danas.rs xəbər portalında "Ermənistan mina yerlərini bölüşməkdən imtina edir" sərlövhəli məqalələr yerləşdirilib.
Hər iki məqalədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə yaydığı bəyanata istinadən bildirilib ki, Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşib və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsinin Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olduğu nəzərə çatdırılıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı gündən bəri 14-ü mülki şəxs olmaqla 20 nəfər Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub, Azərbaycan Milli Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) cəsur məmurları da daxil olmaqla 85 vətəndaş (16 mülki şəxs) ağır yaralanıb. "Göründüyü kimi, beynəlxalq öhdəliklərini pozan Ermənistan minalanmış ərazilərin yeri barədə məlumat verməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır", - deyə vurğulanıb.
Məqalələrdə işğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalanmasının Azərbaycan hökumətinin başladığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə, yüz minlərlə məcburi köçkünün öz evinə təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqlarının təmin edilməsinə çiddi şəkildə mane olduğu bildirilib.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://crnogorskiportal.me/sadrzaj/4462
https://www.danas.rs/svet/ministarstvo-spoljnih-poslova-azerbejdzana-vlada-jermenije-odbija-da-podeli-lokacije-mina