"Nizami Gəncəvinin ədəbi irsi və müasir Azərbaycan gəncliyi" mövzusunda videokonfrans təşkil edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Asiya ölkələrində yaşayan gənclərin iştirakı ilə "Nizami Gəncəvinin ədəbi irsi və müasir Azərbaycan gəncliyi" mövzusunda videokonfrans keçirilib.
Tədbirdə Pekin Xarici Dillər Unversitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev, Pekin Xarici Dillər Universitetinin III kurs tələbələri Tanq Yüsüən və Hu Aycinq, Çində yaşayan azərbaycanlı gənclər, Azərbaycan Diaspor Könüllüləri, Azərbaycan Diaspor Gəncləri, "Karabakh is Azerbaijan!" Milli Platformasının Türkiyə üzrə koordinatoru və üzvləri, Türkiyədə yaşayan azərbaycanlı gənclər və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəxtiyar Rəhimov çıxış ediblər.
Konfransı giriş sözü ilə açan B.Rəhimov bildirib ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirməklə poeziyanı yüksəkliklərə qaldırıb. "Dövlətimizin başçısı cənab İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamında da qeyd edildiyi kimi, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır", - deyə əlavə edib.
Tədbirdə məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Azərbaycan ədibləri arasında Çin mövzusuna ən çox müraciət edən Nizami Gəncəvi olub. Çin filosofları ilə Nizaminin fəlsəfi düşüncələrində ümumi oxşarlıqları müqayisə edən məruzəçi bildirib ki, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında "Nizami irsi" adlı birillik tədbirlər silsiləsindən ibarət olan layihəyə start verilib. A.Əliyev layihə çərçivəsində görüləcək işlərlə bağlı ətraflı məlumat verib.
Daha sonra çıxış edənlər Nizami yaradıcılığına nəzər salıb və şairin əsərlərindəki bədii xüsusiyyətlər barədə fikirlərini bölüşüblər.