Xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətinə dəstəklərini bəyan edirlər

09.04.2021

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələrinin Qarabağı Ermənistanın işğalından azad etməsi və 44 günlük Vətən müharibəsinin parlaq Qələbə ilə nəticələnməsi xaricdə yaşayan azərbaycanlıların və azərbaycansevərlərin qürur mənbəyinə çevrilib.
Rusiya Federasiyasının Moskva şəhərindən Elşən Cəfərov, Kabardin-Balkar Respublikasının Nalçik şəhərindən Aslan Qeriyev, İrlandiya Respublikasının Limerlik şəhərindən Aydın Sultan, ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərindən Çingiz Əsədullayev, Massaçusets ştatının Lonqmidou şəhərindən Yakov Toçilnikov, Türkiyənin İsparta şəhərindən Rəcəb Ərcan, Özbəkistanın Daşkənd şəhərindən Rüstəm Atamovun Azərbaycan Prezidentinə ünvanladıqları məktublarda sevinc və minnətdarlıq hissləri ifadə edilib.
Qeyd edilib ki, xalqımızın lideri İlham Əliyev səmərəli fəaliyyəti, vətənpərvərliyi, qətiyyəti, Ali Baş Komandan kimi qazandığı Qələbə ilə bütün azərbaycanlıların qəlbini fəth edib. Vətəndən kənarda yaşasalar da, ölkəmizdə baş verən bütün müsbət dəyişikliklərə, azad olunmuş torpaqlarımızda Prezidentin rəhbərliyi ilə abadlıq işlərinin başlanmasına çox sevindikləri, tezliklə Qarabağı qarış-qarış gəzməyi arzuladıqları vurğulanıb.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar fəaliyyətə, şəhid ailələrinə diqqət, qayğı və şəfqətlə yanaşmasına görə xüsusi minnətdarlıq bildirilib.
"Əminliklə deyə bilərəm ki, mən də daxil olmaqla xaricdə yaşayan bütün azərbaycanlılar Sizin yanınızdadır. Sizin hər bir sözünüz bizim üçün qanundur. Ailənizə də rəğbətimiz böyükdür. Mehriban xanım Əliyevanın gördüyü bütün xeyirxah işlər təqdirəlayiqdir", - deyə Çingiz Əsədullayev yazıb.