ABŞ-da yaşayan məktəbli həmvətənimiz riyaziyyat olimpiadasının qalibi olub
ABŞ-ın Minnesota ştatının Sent Poul şəhərindəki Çippeva ("Chippewa") orta məktəbində təhsil alan həmyerlimiz, VI sinif şagirdi Emil Əhmədov "MATHCOUNTS" Riyaziyyat Olimpiadasında böyük uğur qazanıb.
Emil Əhmədov ABŞ-da hər il ənənəvi olaraq üç mərhələdə (məktəblərarası, şəhərlərarası və ştatlararası) keçirilən "MATHCOUNTS" Riyaziyyat Olimpiadasına ilk dəfə qatılıb. Olimpiadada yüksək nəticə göstərən həmvətənimiz "State Certificate of Excellence" mükafatına layiq görülüb və bununla da adını təhsil aldığı məktəbdə birinciliyə, Sent Poul şəhərində ilk dördlüyə, Minnesota ştatında isə 70 (6-8-ci siniflər) şagird arasında ilk altılığa yazdırıb. Emil Əhmədovun hədəfi "National MATHCOUNTS"a vəsiqə qazanıb ABŞ-ın finala çıxacaq dörd riyaziyyat dahisindən biri olmaqdır.
Xatırladaq ki, Emil Əhmədov Minnesota Universitetinin professoru Anar Əhmədovun oğludur. Bu il professor A.Əhmədovun rəhbərlik etdiyi komandada yarışan daha bir məktəbli də Minnesota ştatında 1-ci olub və "National MATHCOUNTS"a vəsiqə qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq məktəbli həmvətənimiz Emil Əhmədovu və professor Anar Əhmədovu təbrik edir, hər iki həmvətənimizə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Qeyd edək ki, Cəbrayıl rayonunda anadan olan və Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən Anar Əhmədov 1996-cı ildə ABŞ-a köçüb. Kaliforniya Dövlət Universitetindən də məzun olan soydaşımız 2006-cı ildə riyaziyyat üzrə doktorluq elmi dərəcəsini alıb. 2006-2019-cu illərdə ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, Harvard Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində alim kimi çalışaraq, riyaziyyat elminə bir sıra töhfələr verib. A.Əhmədov ABŞ-ın nüfuzlu "Simons" və "Sloan" fondlarının yüksək elmi mükafatlarına layiq görülüb.