Yunanıstanın xəbər portalında 31 mart soyqırımından bəhs edilib

04.04.2021

"QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü və müəllifliyi ilə ölkənin "Karfitsa" xəbər portalında "1918-ci il mart soyqırımının 103-cü ildönümü" sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə 1918-ci il 31 mart – 3 aprel tarixlərində bolşevik-erməni silahlı dəstələrinin Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul və digər bölgələrdə minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdikləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ötən əsrdə ermənilər havadarlarının dəstəyilə xalqımıza qarşı bir neçə dəfə etnik təmizləmə, deportasiya, terror və soyqırımı cinayətlərini törədib.
Müəllif xatırladıb ki, 31 mart 2018-cu il tarixində minlərlə azərbaycanlı soyqırımın 100 illiyi ilə əlaqədar anım mərasimində iştirak etmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksinə yürüş edib və "Soyqırımı dərsləri" mövzusunda konfrans keçirilib. Mərasim və tədbir iştirakçıları beynəlxalq ictimaiyyətdən mart soyqırımına hüquqi və siyasi qiymət verilməsini tələb ediblər. Qeyd edilib ki, bu hadisənin Qubada baş verməsi təsadüfi deyil, çünki 2007-ci ildə aparılan qazıntılar zamanı bu bölgədə mart soyqırımı qurbanlarının kütləvi məzarlığı aşkar edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insanın qalıqları tapılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.karfitsa.gr/syllogos-ellino-azerikis-filias-qala-103i-epeteios-tis-genoktonias-tou-martiou-tou-1918/