"1918-ci il mart soyqırımı və Qafqaz İslam Ordusu" mövzusunda müzakirələr aparılıb

04.04.2021

Türkiyənin Bandırma şəhərindəki 17 Eylül Universitetinin nəzdindəki Qafqaz Araşdırmaları Təşkilatının təşəbbüsü ilə "1918-ci il mart soyqırımı və Qafqaz İslam Ordusu" mövzusunda onlayn panel təşkil edilib.
Qafqaz Araşdırmaları Təşkilatının sədri Yadigar Nağıyevin moderatorluğu ilə baş tutan paneldə Milli Məclisinin üzvü, professor Hikmət Babaoğlu və Qazi Universitetinin elmi işçisi, professor Selma Yel məruzələrlə çıxış ediblər.
Türkiyəli alim ölkəmizin çar Rusiyası dönəmində dövlət müstəqilliyi uğrunda mübarizəsi, azərbaycanlıların və müsəlmanların hərbi təhsil almasına əngəl yaradıldığı, gürcü və ermənilərin azərbaycanlılarla müqayisədə hərbi təhsil və təcrübəyə yiyələnməsinə şərait yaradıldığı, Azərbaycanın 1918-ci il 28 may tarixində öz müstəqilliyini necə çətinliklə qazandığı barədə danışıb. Türkiyəli məruzəçi 1918-ci il 31 mart soyqırımı zamanı bolşevik-erməni silahlı dəstələri tərəfindən amansızlıqla qətlə yetirilən on minlərlə dinc azərbaycanlının fotolarını nümayiş etdirib. Paytaxt Bakı şəhərinin erməni daşnaklarından və bolşeviklərdən azad edilməsində Türkiyənin roluna diqqəti cəlb edən Selma Yel çıxışını xalqımızın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi ilə yekunlaşdırıb.
Millət vəkili Hikmət Babaoğlu "Gülüstan" və "Türkmənçay" müqavilələrindən sonra çar Rusiyası tərəfindən ermənilərin İrandan və Türkiyədən qədim və əzəli Azərbaycan torpaqlarına köçürülməsi, ermənilərin Azərbaycan ərazisində soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımı siyasəti apardıqlarını xatırladıb. "Əgər tariximizi unutsaq, tarix bizə özünü təkrar xatırladar, buna görə tariximizi unutmamalıyıq. Ermənilərin bizə qarşı törətdiyi soyqırımı bizə unutdurmağa çalışdılar. Əgər o zaman Qərbin, çar Rusiyasının və bolşeviklərin dəstəyi olmasaydı, onlar bizə qarşı bu dəhşətli cinayətləri törədə bilməzdilər", - deyə o, bildirib.
Qeyd edib ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun köməyilə Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycanda böyük sevinç hissi yaratdı. "Azərbaycanın hər tərəfindən erməni daşnakları və bolşeviklər çıxarıldı. Dünya Azərbaycanın və Türkiyənin qazandığı zəfəri həzm edə bilmədi. Biz qardaş ölkələr olaraq təhlükəsiz birlik və həmrəylik şəraitində yaşamaq istəyirik", - deyə millət vəkili nəzərə çatdırıb.