"Youtube" kanalında 31 mart soyqırımı ilə bağlı proqram yayımlanıb
Hollandiya–Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü ilə "Youtube" kanalında 31 mart soyqırımı ilə bağlı proqram yayımlanıb.
Dərnəyin sədri İlhan Aşkının aparıcısı olduğu proqramın qonağı tarixçi alim Rüfət Gürel olub. Alim 1918-ci il 31 mart soyqırımına gətirib çıxaran səbəblər, Qafqaz bölgəsində gedən proseslər, çar Rusiyasının öz məqsədlərinə və hədəflərinə çatmaq üçün erməniləri İrandan və Türkiyədən Azərbaycan torpaqlarına köçürməsi, azərbaycanlıların qədim və əzəli torpaqlarından sıxışdırılıb çıxarılması məqsədilə ermənilərin xalqımıza qarşı etnik təmizləmə və soyqırım siyasəti aparmasına şərait yaradılması və s. barədə ətraflı məlumat verib. "1918-ci il martın 31-dən erməni-bolşevik quldurlarının törətdiyi Bakı olaylarını Allah kimsəyə yaşatmasın! Qorxunc olaylar baş verdi. Hətta tarixçi kimi bu barədə danışmaq belə mənə çox ağırdır", - deyə R.Gürel təəssüflə qeyd edib.
Alim bildirib ki, Bakıdan başlayan və Azərbaycanın digər ərazilərində davam edən soyqırımı zamanı qətlə yetirilənlər barədə müxtəlif rəqəmlər səsləndirilir, amma onun araşdırmalarına görə, qanlı qırğın zamanı 100 mindən çox dinc və müdafiəsiz azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib.
Nuru Paşanın komandanlıq etdiyi Qafqaz-İslam ordusunun qəhrəmanlıq göstərərək Azərbaycan bölgələrini və Bakını ermənilərdən və bolşeviklərdən xilas etdiyi, bu döyüşlərdə 1100 şəhid verdiyi bildirilib. Dünyanın 35 ölkəsində türk şəhidliyinin olduğunu xatırladan alim bildirib ki, onlardan 14-ü Azərbaycandadır. "Osmanlı milyonlarca ordu göndərdi, hər yanda çarpışdıq. Amma heç bir ölkə məhmətciyi Azərbaycan türkləri qədər bağrına basmadı. Azərbaycanda o şəhidlərə, bizim şəhidlərimizə, Nuri Paşaya elə bir dəyər verirlər ki, anladarkən belə insan kövrəlir", - deyə tarixçi təsirləndiyini gizlətməyib.
Azərbaycanın da İğdırın erməni quldurlarından qorunması üçün Naxçıvandan bu bölgəyə silahlar göndərdiyi və Türkiyə torpaqlarında ermənilərin iğdırlılara qarşı böyük soyqırımı törətməsinin qarşısını aldığı, hazırda isə müstəqil Azərbaycan ordusunun güclü olmasından, Qarabağda qazandığı parlaq qələbədən bütün türk dünyasının qürur duyduğu nəzərə çatdırılıb.
Proqramı daha ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:
https://www.youtube.com/watch?v=xoj6AM5bfXA