Kazan şəhərində 31 mart soyqırımı qurbanları yad edilib

02.04.2021

Azərbaycandakı "Tatarıstan" İctimai Birliyinin sədr müavini, jurnalist Emin Ramazanovun təşəbbüsü ilə Kazan şəhərindəki "Yardem" məscidində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
Mərasim Qurani-Kərimdən soyqırımı qurbanlarının ruhuna duaların oxunması ilə başlayıb. Mərasim iştirakçıları 1918-ci ilin 31 mart – 3 aprel tarixlərində erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində və Azərbaycanın bölgələrində dinc azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırımı ilə əlaqədar xalqımıza başsağlığı veriblər.
Tədbirdə çıxış edən E.Ramazanov Azərbaycan tarixinin bu qanlı səhifəsi barədə ətraflı məlumat verib, kütləvi qırğın zamanı minlərlə insanın amansızcasına və qəddarlıqla qətlə yedirildiyinə, şəhərlərin və kəndlərin, müxtəlif memarlıq abidələrinin, o cümlədən məscidlərin və məzarlıqların dağıdıldığına və yandırıldığına diqqəti cəlb edib. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən, 31 mart soyqırımına siyasi və hüquqi qiymət verildiyi, bu tarixin Azərbaycanlıların soyqırımı günü kimi yad edildiyi nəzərə çatdırılıb. Birliyin təmsilçisi bu faciəli gündə xalqımızın yanında olduqlarına görə mərasim iştirakçılarına və məscidin axundu İldar həzrət Bəyazitova minnətdarlığını bildirib.