İsveçdə 31 mart soyqırımından danışılıb

02.04.2021

İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş onlayn anım tədbiri keçirilib.
Tədbir 103 il öncə Stepan Şaumyanın rəhbərliyi ilə erməni-bolşevik dəstələri tərəfindən qətlə yetirilən 31 mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının sədri İradə Əliyeva Söderberq açıb.
Sonra tədbirdə tarixçi alimlər Firdovsiyyə Əhmədova və Boran Əziz 1918-ci il 31 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc azərbaycanlılara qarşı vəhşicəsinə, xüsusi amansızlıq və qəddarlıqla törədilən qanlı və kütləvi qırğından ətraflı danışıblar. Müzakirələr zamanı Türkiyədən Ziya Zakir, Azərbaycandan Akif Nağı, İsveçdən Cavanşir Haşimi, Ukraynadan Fərhad Turallı, Almaniyadan Mustafa Qalabala, İsveçdən Kənan Hacıələkbəroğlu, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya və Norveç üzrə əlaqələndiriciləri Ülviyyə Cabbarova və Ramil Əliyev çıxış ediblər. Natiqlər 31 mart soyqırımının səbəbləri, erməni faşistlərinin xalqımıza qarşı törətdikləri bütün soyqırımların beynəlxalq müstəviyə çıxarılmasının vacibliyi, soyqırımlara dair beynəlxalq konfransların keçirilməsi, beynəlxalq hüquq normaları çərçivəsində tanınmasının tələb edilməsi və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.