Haaqa şəhərində 31 mart soyqırımı qurbanlarının anım mərasimi təşkil edilib

01.04.2021

Niderland Krallığında fəaliyyət göstərən Hollandiya–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
"Kamperfoeliestraat" parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə baş tutan anım mərasimi 103 il öncə erməni-bolşevik silahlı dəstələri tərəfindən qətlə yetirilmiş azərbaycanlıların ruhlarına duaların oxunması ilə başlayıb.
Tədbirdə çıxış edən Hollandiya–Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın 1918-ci il 31 mart – 3 aprel tarixlərində Azərbaycanda baş verən dəhşətli kütləvi qırğın barədə ətraflı məlumat verib. Erməni faşizminin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin heç bir zaman unudulmayacağını bildirib: "İnşallah, bu cür qanlı qırğının törədilməsinə bir daha icazə verilməyəcək".
Mərasim abidənin önünə əklil və çiçəklərin qoyulması ilə yekunlaşıb.