Kanada Azərbaycanlıları Şəbəkəsi ölkəmizə qarşı yönəlmiş ermənipərəst məqaləyə layiqli cavab verib

01.04.2021

Kanadanın "Policy Options" jurnalında Kanada Azərbaycanlıları Şəbəkəsinin İdarə Heyətinin sədri Anar Cahangirlinin "Qarabağ böhranında Kanada beynəlxalq qaydalara əsaslanan nizamı dəstəkləməlidir" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə qeyd edilib ki, Ermənistanın özünün yaratdığı böhrana Kanadanın qarışmasını xahiş etməsinin "müdafiə öhdəliyi" ilə heç bir əlaqəsi yoxdur. "27 sentyabr 2020-ci ilə qədər kanadalıların əksəriyyəti, yəqin ki, heç bir vaxt Dağlıq Qarabağ münaqişəsi barədə eşitməmişdilər. Bu o gün idi ki, Azərbaycan ordusu Ermənistanın hücumlarına cavab olaraq Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan böyük ərazisinə daxil oldu. 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan ərazilərinin beşdə bir hissəsini işğal altında saxlayırdı".
Beynəlxalq qanun normaları və prinsiplərinə zidd olaraq Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə və təcavüzkar siyasət aparması nəticəsində soydaşlarımızı öz doğma yurdlarından didərgin saldığı, Ermənistandan fərqli olaraq Azərbaycanın hərbi əməliyyatlar zamanı mülki əhalini hədəfə almadığı və s. faktlar nəzərə çatdırılıb. Bildirilib ki, hazırda Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi kimi böyük iş dayanır və Kanada bu mərhələdə vacib rol oynaya bilər.
Qeyd edək ki, müəllif bu məqaləni eyni jurnalda Kanadadakı erməni diasporunun Azərbaycana qarşı təşkil etdiyi və yerli ictimaiyyəti çaşdırmağa çalışdığı iftira dolu məqaləyə cavab olaraq yazıb. Həmin yazıda Kanadanın guya ermənilərə qarşı olan "təcavüz"də Ermənistanı və "Artsax"ı dəstəkləmədiyi tənqid edilib. Məqalənin dərcindən dərhal sonra Kanada Azərbaycanlıları Şəbəkəsi İH-nin sədri Anar Cahangirli jurnalın baş redaktoru ilə əlaqə saxlayıb və ölkəmizin mövqeyinin də işıqlandırılmasını tələb edib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://policyoptions.irpp.org/magazines/march-2021/in-the-karabakh-crisis-canada-must-support-rules-based-international-order/