Polşada təhsil alan azərbaycanlı tələbə 31 mart soyqırımı ilə bağlı təqdimatla çıxış edib

31.03.2021

Polşanın İqtisadiyyat və İnsan elmləri universitetinin (The University of Economics and Human sciences) magistrantı Zaur Əsədzadə “Tarixdə bu gün – 31 mart soyqırımı” adlı virtual müzakirə təşkil edib.
Tədbir zamanı iştirakçılara 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı, ermənilərin müxtəlif ərazilərdə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə ingilis dilində məlumatlar verilib. Bildirilib ki, 5 ay ərzində 50 mindən çox azərbaycanlı, eləcə də Azərbaycanda yaşayan digər xalqların nümayəndələri erməni faşizminin qurbanı olub. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı soyqırımı törədilib. Minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülüb.
Ukrayna, Türkiyə, Misir, Türkmənistan, Gürcüstan, Belorusiya, Qazaxıstan, Rusiya və s. ölkələrdən gənclərin qoşulduğu virtual müzakirələrdə Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun şəkildə məlumatlandırıb.