İsveçrənin Sürix şəhərində Novruz şənliyi təşkil edilib
İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü ilə Sürix şəhərindəki azərbaycanlı ailələrin uşaqları üçün Novruz şənliyi təşkil edilib.
"Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva Bodmer bildirib ki, "Buta" rəqs qrupunun üzvləri baharın gəlişinə həsr edilmiş bədii proqram təqdim ediblər. Şənlik Qarabağa həsr olunmuş rəqs kompozisiyası ilə başlanıb, Novruz bayramının əsas qəhrəmanları olan bahar qızı, keçəl və kosa obrazlarının canlandırılması, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından səhnəciyin və rəqs nömrəsinin göstərilməsi ilə davam edib.
Sonra kiçik yaşlı rəqqas və rəqqasələr simvolik tonqalın üzərindən atlanaraq Novruzun əsas atributlarından olan rəngli yumurtaları döyüsdürüblər.
Vətəndən uzaqda azərbaycanlı uşaqlara əsl Novruz əhval-ruhiyyəsi yaşatdıqlarına və onlara milli mədəniyyətimizi tanıtdıqdıqlarına görə valideynlər "Azərbaycanın Dostları" Birliyinə, təşkilati işlərdə böyük əməyi olan Anar Fərəcbəyli, Sona Əliyeva və Ramilə Mehdiyevaya dərin minnətdarlıqlarını bildiriblər.