ABŞ-ın Sanni Ayles Biç şəhərində bayram şənliyi təşkil edilib

28.03.2021

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Florida–Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramovanın təşkilatçılığı ilə Sanni Ayles Biç şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Bayram şənliyində azərbaycanlı icmasının 50-dən çox nümayəndəsi iştirak edib. Tədbiri giriş sözü ilə açan Esmira Bayramova hər kəsi Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, ötən il Qarabağda əldə etdiyimiz parlaq Qələbə nəticəsində bu il Novruz bayramı fərqli şəkildə qeyd edilir, bayram tonqalı artıq 28 ildən sonra qədim Şuşa şəhərində alovlanıb. Bu sevincli anlara görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə minnətdarlıq bildirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən digər soydaşlarımız Novruz bayramının xüsusi özəlliklərindən və adət-ənənələrdən danışıblar. Tədbir bədii proqramla davam etdirilib.