"Novruz söhbəti və mahnıları" mövzusunda virtual tədbir keçirilib
Türkiyənin Bandırma Onyedi Eylül Universiteti nəzdindəki Qafqaz Tədqiqatı Təşkilatının təşəbbüsü ilə "Novruz söhbəti və mahnıları” mövzusunda virtual tədbir təşkil edilib.
Tədbirin məruzəçisi, Qafqaz Universitetinin kimya bölümünün və universitetdəki "Qafqaz və Yaxın Şərq Tədqiqatı Mərkəzi"nin rəhbəri professor Hacıalı Nəcəfoğlu qədim Novruz bayramının tarixi, mahiyyəti və əhəmiyyəti barədə müfəssəl məlumat verib. Sovet dönəmində Novruz bayramının qadağan olunduğu, yalnız 1960-çı illərdə bayramın Azərbaycanda Bahar bayramı adı altında kütləvi şəkildə qeyd edilməsinə icazə verildiyi, dövlət müstəqilliyi əldə olunduqdan sonra isə Azərbaycanda Novruzun rəsmi dövlət bayramı statusu qazandığı vurğulanıb. Milli ruh və kimliyin qavrama anlayışları baxımından Novruzun çox böyük əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edən alim qeyd edib ki, Türkiyə tarixinin ən möhtəşəm Novruz şənlikləri 1922-ci il martın 22-də Ankarada keçirilib. Taşkan meydanında təşkil edilmiş həmin şənlikdə Mustafa Kamal Atatürk özü də iştirak edib.
Məruzəçi xatırladıb ki, Türkiyədə bəzi gizli qüvvvələr türk bayramına sahib çıxmağa, bayramın mahiyyətinə şübhə toxumu səpmək və qardaş davasına səbəb olmaq üçün Novruzu bir sıra etnoslara xas bayram elan etməyə cəhdlər göstəriblər, lakin onların məkrli planları puç olub. Çünki Novruz mədəniyyətinin böyük coğrafi təsiri var və onun siyasi məqsədlər üçün istifadəsi elmi düşüncəyə, tarixə və insanlığa ziddir. "Novruz – bolluq, bərəkət, dostluq, qardaşlıq və sevinc bayramıdır", - deyə H.Nəcəfoğlu nəzərə çatdırıb.
Tədbir müxtəlif türk ölkələri sənətçilərinin Novruza həsr olunmuş proqramlarının təqdim edilməsi ilə yekunlaşıb.