Polşada Novruz şənliyi təşkil edilib

27.03.2021

Polşa Azərbaycanlıları Şurasının (PAŞ) təşkilatçılığı və Varşava şəhərində yaşayan soydaşlarımızın iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
PAŞ sədri Fərid Cəfərli bildirib ki, pandemiya məhdudiyyətləri səbəbindən bayram şənliyini Varşavada deyil, şəhərdən kənar bölgədə keçirmək qərara alınıb. Amma bütün çətinliklərə baxmayaraq, bu il Prezident, Ali Baş Komandan İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımızı işğaldan azad edilmiş Şuşadan təbrik etməsi xaricdə yaşayan azərbaycanlıların bayram ovqatını ikiqat yüksəldib: "Cənab Prezidentin qədim Şuşa şəhərindən müraciəti, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Cıdır düzündə tonqal alovlandırması hər birimizdə ali hisslər oyadıb. Bu inanılmaz duyğuları xalqımıza yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə və bütün müharibə iştirakçılarına ömrümüzün sonunadək borcluyuq".
Uzaq Polşada bir araya gələn soydaşlarımız bayram tonqalı qalayıblar, ətrafında birlik və həmrəylik rəmzi olan "Yallı" rəqsini oynayıblar. Sonra tədbir iştirakçıları Novruzun ənənəsinə uyğun olaraq tonqalın üzərindən atlanaraq xalqımızın bütün çətinliklərinin köhnə ildə qalmasını, yeni ildə hər bir azərbaycanlının sülh, əmin-amanlıq və firavanlıq içində yaşamasını arzu ediblər.