Kanadalı deputatlar soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik ediblər

27.03.2021

Kanada parlamentinin bir qrup üzvü bu ölkədə yaşayan azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib.
Parlamentarilər Ketrin Makenna (Catherine McKenna), Erin O'Tul (Erin O'Toole), Çandra Arya (Chandra Arya), Cim Kar (Jim Carr), Conatan Vilkinson (Jonathan Wilkinson), Coys Mürrey (Joyce Murray), Kenni Çiu (Kenny Chiu), Nelli Şin (Nelly Shin) və Terri Duqidin (Terry Duguid) soydaşlarımıza ünvanladıqları təbrik məktublarında bu xüsusi gün təbiətin oyanışı və yeni başlanğıc adlandırılıb. Onun nikbinlik və qarşıdakı daha yaxşı günlərə ümid nişanı olduğu, sülh və həmrəylik dəyərlərini təşviq etdiyi vurğulanıb.
"Novruz bayramınız mübarək!" ifadəsini ingilis və azərbaycanca ifadə edən deputatlar bu il azərbaycanlı icmasının bayramı pandemiya məhdudiyyətlərinə uyğun olaraq virtual şəkildə qeyd etdiklərinə diqqəti cəlb ediblər. Onlar bu addımı insanların sağlıq və təhlükəsizliyinin qorunması baxımından müsbət qiymətləndiriblər. Baharın gəlişi ilə irəlidə daha isti və parlaq günlərin olacağına, gələcəkdə azərbaycanlıların əvvəlki kimi yenə də bir araya gələrək Novruz bayramını kütləvi halda, firavanlıq və sevinc içində keçirəcəklərinə inam və ümid ifadə edilib.