Nyu-York şəhərinin Times meydanında milli rəqslərimiz nümayiş etdirilib
ABŞ-da fəaliyyət göstərən Azərbaycan–Nyu York Assosiasiyasının sədri Ercan Yerdələnlinin təşəbbüsü və “Mənim yolum” ("My way") – Uşaq İnkişaf Mərkəzinin direktoru Alyona Bədəlovanın dəstəyi ilə Nyu-York şəhərinin Times meydanında Novruz bayramına həsr olunmuş konsert təşkil edilib.
Layihə Novruz bayramı ərəfəsində Azərbaycanın adət-ənənələrini və milli rəqslərini şəhər ictimayyətinə və turistərə tanıtmaq məqsədinə xidmət edib.
Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğ edilməsi istiqamətində fəaliyyət göstərən “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin milli geyimli rəqqasələri iki saat ərzində meydanda bir neçə müxtəlif rəqs kompozisiyası nümayiş etdiriblər. Məktəbli rəqqasələrin uğurlu çıxışı meydandan keçən şəhər sakinlərinin və turistlərin diqqətini cəlb edib. Rəqsləri maraqla izləyən tamaşaçılar məktəbliləri alqışlayaraq onların foto və videolarını çəkiblər.
Azərbaycan–Nyu York Assosiasiyasının fəalları meydandakı əcnəbilərə milli adət-ənənələrimiz haqqında məlumatlar verib, onları boyanmış yumurtaları döyüşdürməyə dəvət ediblər. Bundan başqa, yerli sakinlərə Novruz bayramı haqqında məlumatların əks olunduğu broşürlər də paylanılıb.