Nijni Novqorod şəhərində Novruz bayramı qeyd edilib
Rusiyanın Nijni Novqorod şəhərində N.İ.Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan tələbələrinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.
Konsertdə giriş sözü ilə Nijni Novqorod şəhər Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Məhəmməd Əhmədov, muxtariyyətin nəzdindəki gənclər təşkilatının sədri Rasim Quliyev çıxış ediblər. Onlar Novruz bayramını keçirən bütün xalqları təbrik ediblər, millətlərarası ünsiyyət üçün çox mühüm olan bu cür bayram tədbirinin keçirilməsinə şərait yaratdıqlarına görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Konsert zamanı azərbaycanlı icmasının fəalları Naidə Əlicanova və Amil Baxşəliyev "Naz eləmə" xalq rəqsini təqdim ediblər, Fərahim Hacıyev isə "Ay işığında" mahnısını ifa edib. Tədbir Novruz bayramına xas oyunlarun və fotoların nümayiş etdirilməsi ilə başa çatıb.
Qeyd edək ki, gənc rəqqasların nömrəsini çox qısa müddət ərzində xoreoqraf, azərbaycanlı icmanın fəl üzvü Sima Ağasızadə hazırlayıb. Azərbaycanlı icmanın digər fəalları Tural Abbasov, Gülanə Əlicanova və Nübar Rzazadə isə təşkilati işlərin yerinə yetirilməsində yaxından iştirak ediblər.